Azərbaycanın İrandakı sabiq səfiri Abbasəli Həsənovla hafta.az üçün budəfəki söhbətimizdə, əsasən, İranın ətrafında və daxilində hazırkı siyasi, iqtisadi-sosial durum haqqında danışdıq, dövlətin bu vəziyyətdən mümkün çıxış yollarını, prezident Məsud Pezeşkianın ölkədəki sosial problemlərin həlli istiqamətində görə biləcəyi işləri müzakirə etdik, həmçinin onun Ermənistan və Belarusa son səfərlərindən bəhs etdik. Söhbət zamanı diplomat İranın İsraillə yeni silahlı qarşıdurmaya hazırlaşdığını xüsusi olaraq vurğuladı.
- İran ətrafında və daxilindəki mövcud durumu necə xarakterizə edərdiniz?
- İranda vəziyyət getdikcə gərginləşir. Bu gərginlik İran ətrafında aparılan danışıqlar və ölkənin tutduğu mövqe ilə bağlıdır. Nəticədə, həm regionda, həm də beynəlxalq aləmdə narahatlıq artır. Avropanın aparıcı dövlətləri - İngiltərə, Almaniya və Fransa səfirliklərini bağladı. Əvvəllər, yəni ABŞ və İsrailin İrana son birgə hücumu zamanı da bu ölkələrin diplomatik təmsilçiləri İranda fəaliyyət göstərirdilər. Son vaxtlar vəziyyətin kəskin şəkildə dəyişməsi fonunda onların da səfirliklərini bağlamağa başladığını müşahidə edirik. Belə hallar, adətən, müharibə və ya ciddi qarşıdurma ehtimalının olduğu hallarda baş verir. Yəni hansısa ölkədə vəziyyət bu qədər gərginləşirsə və müharibə təhlükəsi real görünürsə, xarici dövlətlər təhlükəsizlik səbəbindən diplomatik nümayəndəliklərini bağlayır və əməkdaşlarını geri çağırır.
ABŞ və İran arasında münasibətlərdə də hər hansı ümidverici inkişaf müşahidə olunmur. Digər tərəfdən, Avropa ölkələri də İranın mövqelərini kəskin tənqid edir. Məsələn, İran MAQATE-nin nümayəndələrini nüvə obyektlərinə buraxmır - Avropa da bunu deyir və danışıqlar aparılmadığını vurğulayır.
Bundan əlavə, Qərbi, xüsusən də ABŞ ciddi şəkildə narahat edən digər məqamlar da var. Məsələn, İran tərəfindən zənginləşdirilmiş 480 kiloqramlıq uranın yeri onlar üçün naməlumdur. Həmçinin bu ölkənin istehsal etdiyi ballistik raketlər böyük narahatlıq doğurur. Həmin raketlər istənilən hədəfi vura biləcək gücdədir. Qərb ölkələri isə İranda yalnız qısamənzilli ballistik raketlər istehsalına icazə vermək istəyir. Bu da sözsüz ki, Tehranda ciddi narazılıq doğurur. Bundan başqa, Qərb açıq şəkildə bildirir ki, İran nüvə silahı hazırlamaq ambisiyalarından və ümumiyyətlə, uranın zənginləşdirilməsi proqramından əl çəkməlidir. Yəni artıq tələblər təkcə uranın zənginləşdirilməsinin dayandırılması ilə məhdudlaşmır – raket proqramı da tamamilə ləğv edilməlidir. Bütün bunlar isə İranın mövqeyini çətinləşdirir.
Bu şəraitdə İran necə davranmalıdır? Özünü xarici müdaxilələrdən necə qorumalıdır? Düzdür, raketlər hələ də istehsal olunur. Əslində, İsraillə son savaş göstərdi ki, İranın gücü elə ballistik raketlərdədir. O da var ki, bu ölkənin hava məkanı hazırda tam açıq vəziyyətdədir. Yəni İranın hava hücumundan müdafiə sistemi, demək olar ki, sıradan çıxıb.
- Strateji müttəfiqi sayılan Rusiya da heç bir kömək etmir…
- Bəli. Rusiya ilə İranın münasibətləri həmişə belə müəmmalı, ikibaşlı olub. Formal olaraq iki ölkə arasında dostluq münasibətləri mövcuddur. Bildiyiniz kimi, bu ilin yanvarında İran və Rusiya arasında strateji əməkdaşlıq haqqında sənəd imzalanıb. Bu sənədin də münasibətlərə ciddi real təsiri olmadı. İran ətrafında vəziyyət kritik həddə çatanda, yəni İsrail və ABŞ-nin birgə həmin ölkəyə hücumları başlayanda Rusiyanın konkret dəstəyi müşahidə olunmadı…
- Sözsüz ki, İranın daxili iqtisadi-sosial problemləri də bu ölkə ətrafındakı gərginliyə əlavə yük gətirir. Oradakı durum haqqında hansı məlumatlarınız var?
- Elədir. Təəssüf ki, İranın daxilində də sosial-siyasi mühit getdikcə daha da gərginləşir. Bu gərginləşmənin ilk səbəbi də həll olunmamış iqtisadi-sosial problemlərdir. Su çatışmazlığı Tehranda və bir çox şəhərlərdə, ostanlarda, vilayətlərdə əhali üçün əsas və çox ciddi problemə çevrilib. 16 vilayətdə çox kəskin su çatışmazlığı əmələ gəlib…
Bir vaxtlar belə bir söhbət var idi ki, İrana xarici investisiya cəlb ediləcək və ölkənin su probleminə investisiya qoyulacaq və həmin müşkül həllini tapacaq. Mövcud vəziyyətdə, bu şəraitdə ölkəyə investisiya yatırılacağı ehtimalı çox aşağıdır. Bu, real deyil. Bununla bərabər, İran dövləti üzərində olan, qalan embarqolar, sanksiyalar da onun istədiyi kimi neft, qaz məhsullarını, digər məhsullarını dünya bazarına çıxararaq satışını təşkil etməyə böyük əngəl törədir. Sanksiyalar öz işini görür. Belə bir vəziyyətdə gərginlik getdikcə artır, əhalinin sosial problemləri, narazılıq gündən-günə artır. İsrail də hərdən bir hədə-qorxu gəlir ki, ölkədə ümumiyyətlə, rejimi dəyişmək fikrindədir. Bunu da açıq deyirlər...
- İsrail Baş naziri Netanyahunun İran xalqına ölkədəki mövcud rejimi devirmək barədə birbaşa çağırışları da öz təsirini göstərir, sözsüz ki...
- Əlbəttə... Bütün bu səbəblərdən ölkədə gərginlik daha da artır. Bu gərginlik elə bir vəziyyətdə deyil ki, öz-özünə sakitləşsin. Sosial problemlər hələ də yerindədir. Heç bir dəyişiklik baş verməyib. Həmin problemlər əhalinin həyat tərzinə çox ağır təsir göstərir. Təsəvvür edin, məsələn, Tehranda su təchizatı ilə məşğul olan şirkət bu yaxınlarda elan etdi ki, paytaxtın su anbarında qalan su, təxminən, iki ay ərzində tükənə bilər. O vaxtdan artıq bir aya yaxın vaxt keçib. Deməli, bir aydan sonra Tehranda su olmayacaq... Onda nə olacaq? Əhali nəyə görə belə sıxıntı yaşamalıdır? Nə etməlidir, hara getməlidir? Şəhərdən nəhəng axınlar başlayacaq, böyük problemlər yaranacaq. Bu cür məsələlər, baxmayaraq ki, kiçik görünə bilər, amma heç də kiçik məsələ deyil...
- Belə məlumatlar var, su ilə paralel Tehranda və digər böyük şəhər və ostanlarda ötən qış mövsümündən yaranmış elektrik, işıq, qaz problemləri də yaşanmaqdadır...
- Tamamilə doğrudur: İranın xeyli hissəsində elektrik və qaz problemləri də hələ qalmaqdadır. Bilirsiniz, niyə? Yaşayış məntəqəsində elektrik enerjisi çatışmırsa, güc düşür qazın üzərinə, qaz yoxdursa, elektrik enerjisi də təbii olaraq tükənir. Elektrik enerjisi kəsiləndə də, sözsüz ki, suyun verilişində də ciddi problemlər yaranır. Bu üç amil, yəni su, qaz və elektrik enerjisi bir-biri ilə sıx bağlıdır. Birinin olmaması digərlərinə də təsir edir...
- Bəs Prezident Məsud Pezeşkian bu cür daxili, iqtisadi-sosial problemlərin həlli üçün nəsə etmək iqtidarındadırmı?
- Elə ən böyük problem ondadır ki, İranda yalnız siyasi məsələlərin deyil, iqtisadi məsələlərin də həlli birinci şəxsdən – yəni dövlətin rəhbəri sayılan, Ali dini lider ayətullah Xamneidən asılıdır. Bütün məsələlər barədə son qərarı verən şəxs odur. Bayaqdan sadaladığımız problemlərin həlli üçün isə böyük vəsait lazımdır. Həmin vəsaitin ayrılması üçün Xamnei sərəncam verməlidir. O vəsait isə yoxdur... Bir daha deyirəm: ölkədəki iqtisadi-sosial, o cümlədən su, işıq, qaz problemlərinin həllində də Pezeşkiandan zərrə qədər asılı olan bir şey yoxdur...
Ötən həftə Pezeşkian çıxışlarının birində demişdi ki, su ilə bağlı problemlər var, bunları həll etmək üçün suya qənaət etməliyik. Həmin çıxışından sonra mətbuatda onu tənqid etdilər ki, o, Prezident olaraq problemləri həll etməlidir. Yəqin, çoxu hələ də bilmir ki, İran Prezidentinin bu sosial müşkülləri həll etmək üçün əlində heç bir real imkan yoxdur. Onun səlahiyyətləri siyasi sahədə olduğu kimi, iqtisadi sahədə də çox məhduddur. Büdcə məsələləri də bilavasitə Ali dini liderin səlahiyyətindədir. Pezeşkian prezident olaraq yalnız Xamneinin qarşısında hansısa sahəyə vəsait ayrılması üçün təşəbbüs qaldıra, təkliflər verə bilər...
Bütün bunlarla bərabər, sözsüz ki, Prezident Pezeşkian mütərəqqi insandır və həmişə xalqın çətinlikləri ilə maraqlanıb. O cümlədən seçkiqabağı dövrdə də İran xalqının bütün ciddi problemlərini dilə gətirdi. Dediyim kimi, bütün problemlərin həlli üçün müvafiq büdcə olmalıdır. O büdcə isə prezidentdən asılı deyil...
- Azərbaycanlılar yaşayan şəhərlərdə, ostanlarda vəziyyət necədir? Orada da su, işıq, qaz ilə bağlı çətinliklər çoxdur?
- Bəli, belə problemlər hər yerdə var. Eləcə də azərbaycanlılar yaşayan ərazilərdə də vəziyyət çətinləşib, bir çox sosial və iqtisadi problemlər mövcuddur. Təhsil, səhiyyə və digər sahələrdə də ciddi çətinliklər var. Elə bir ostan yoxdur ki, orada hər şey yerində olsun. Düzdür, su təchizatının vəziyyəti Ərdəbil ostanında daha yaxşıdır. Yaxınlıqdakı Savalan dağının zirvələrində qar suları var. Orada da qaz və işıqla bağlı problemlər mövcuddur. İrandakı sosial problemlərin yayılmasında ayrı-seçkilik yoxdur. Yəni, deyək ki, farslar yaşayan bölgələrdəki problemlərin həll edilməsi üçün xüsusi imtiyaz verilmir. Onlar da azərbaycanlılar, ərəblər və sair kimi eyni çətinlikləri yaşayır...
- Yeri gəlmişkən, deyəsən, son vaxtlar İrandakı etnik münasibətlərdə sabitlik hökm sürür? Yəni hələlik, məsələn, küdlər demir, Urmiya bizimdir, bəluclar demir, filan ostanlar bizimkidir...
- Elədir. Etnik münasibətlərdə hələlik müəyyən bir sakitlik var. Bu sakitlik o qədər də davamlı deyil. Hələ ki, hamının başı ciddi iqtisadi-sosial problemlərə qarışıb. Daxildə hiss olunur ki, sanki müharibəyə hazırlıq gedir. Bu, həm də insanlarda ölkənin müharibəyə hazır olub-olmaması ilə bağlı narahatlıqlar yaradır. Eyni zamanda İsraildə də savaşa hazırlıq getdiyi hiss olunur.
- İran prezidentinin Ermənistana son səfərini necə dəyərləndirirsiniz?
- Pezeşkianın İrəvana səfəri zamanı əsas məsələlərdən biri müzakirə olunub ki, bu da Vaşinqtonda Azərbaycanla Ermənistan arasındakı Sülh Bəyannaməsinin və “Tramp yolu” adı verilmiş Zəngəzur yolu ilə bağlı sənədlər imzalanandan sonra İranda yaranmış narahatlıqlarla bağlıdır. Başlıca məsələ də hansısa ABŞ şirkətinin həmin yolun Ermənistan ərazisindən keçən hissəsini 99 illik icarəyə götürməsidir. Kiməsə 99 illik nəsə, torpaq, yol verilirsə, bu, demək olar ki, əbədi bir nəticə doğura bilər. Hesab edilir ki, Ermənistan hökuməti öz ölkəsində bu cür bir addıma yol verərək özü üçün böyük bir problem yaratmış olur. Digər tərəfdən, Amerika şirkətlərinin qonşu Ermənistanın bilavasitə həmsərhəd ərazisinə gəlməsi, orada işlərə başlaması, sözsüz ki, İranı narahat edir. Eyni zamanda, Pezeşkianın çıxış həm də prqamatik idi. Yəni dedi ki, Zəngəzur yolundan İran da istifadə edə bilər. Əslində, İran prezidenti Ermənistana bu məsələ ilə bağlı real vəziyyəti öyrənmək üçün getmişdi. Paşinyan da açıq şəkildə bəyan etdi ki, “Tramp yolu” layihəsi heç bir halda İranın zərərinə deyil. Bununla yanaşı, həmin ərəfədə İranın bəzi siyasətçiləri, Azərbaycanın Zəngəzur yoluna dair irəliləyişlərinə qarşı çıxaraq qəti şəkildə bildirdilər ki, biz buna icazə verməyəcəyik. Reallıq göstərdi ki, İran tərəfindən Azərbaycan əleyhinə deyilən fikirlərin heç bir əsası yoxdur.
Hazırda Azərbaycanla Ermənistan arasında Sülh Sazişinin imzalanmasıyal bağlı danışıqlar intensivləşir. Burada Amerikanın vasitəçiliyi də göz qabağındadır. İndi nəzərdə tutulan niyyətlərin necə həyata keçiriləcəyi bundan sonra aparılacaq danışıqlardan asılıdır. Bütün hallarda iki ölkə arasındakı sülh prosesinin digər qonşu dövlətlər kimiŞ İran üçün də heç bir sıxıntısı yoxdur. Əksinə, İran Ermənistan ərazisində icra olunacaq layihələrdə iştirak etmək istəyini ifadə edir ki, buna da məhz Sülh Sazişi yol açacaq. Prezident Pezeşkian da son səfərində İranın bu istəyini bir daha ifadə etdi, Ermənistan tərəfi də buna müsbət münasibətlə cavab verdi. Yəni İran bu regional əməkdaşlıqda müəyyən məqsədlərə nail olmaq istəyir. Bir müsbət halda ondan ibarətdir ki, Tehrandan əvvəlki tonda Azərbaycanın ünvanına təhdiddolu bəyanatlar səsləndirilmir...
- Bəs İran Prezidenti Məsud Pezeşkianın Belarusa son səfəri haqda nə deyə bilərsiniz? Səfərdə əsas məqsəd nə idi və İran prezidenti Tehrana hansı qazancla döndü?
- Bildiyiniz kimi, rəsmi məlumatlarda deyilir ki, İran Prezidenti Məsud Pezeşkianın Minskə səfəri zamanı iki ölkənin yüksəksəviyyəli nümayəndələri 12 əməkdaşlıq sənədi imzalayıblar: siyasət, beynəlxalq hüquq, turizm, mədəniyyət, media, səhiyyə, əczaçılıq, sənaye, ətraf mühit, sənaye və xüsusi iqtisadi zonalar, habelə investisiyalar sahələrində əməkdaşlığa dair... Yəni Pezeşkianın Minskdən Tehrana gətirdiyi rəsmi qazanc budur. Bir də o, həmkarı Aleksandr Lukaşenko ilə görüşdən sonra bildirib ki, İran və Belarus BRİKS, Şanxay Əməkdaşlıq Təşkilatı və Avrasiya İqtisadi İttifaqı çərçivəsində konstruktiv əməkdaşlığı daha da gücləndirə bilər...
Mənim bildiyimə görə, İran prezidentinin Belarusa səfərinin və Lukaşenko ilə görüşlərinin məqsədi daha çox silah və hərbi avadanlıq məsələləri ilə bağlı olub. Yəni İranın ehtiyacı olan və Belarusun verə biləcəyi hansısa silah, avadanlıq və ya texnikaların çatdırılması haqda söhbətlər gedib. Hələ mən İranda işlədiyim 1998-2009-cu illərdə də İranla Belarus arasında həm iqtisadi, həm də hərbi sahədə xeyli ticari əlaqələr və normal əməkdaşlıq mövcud idi. İndi də həmin əməkdaşlıq davam edir. Öncə dediyim kimi, İran artıq növbəti dəfə real müharibəyə hazırlaşdığı üçün Belarusla da əlaqələri əsasən hərbi sahəyə köklənib. Təhlillər göstərir ki, İran ciddi şəkildə İsraillə növbəti savaşa hazırlaşır. Odur ki, rəsmən adı çəkilməsə də, silah məsələsi ön plandadır. Ermənistanla İranın müharibəyə hazırlaşması, bəlkə də, silah alışı ilə bağlıdır. Birincisi, burada silah məsələsi mühüm yer tutur. İkincisi, Belarus regionda yerləşən bir ölkədir, hər iki tərəf üçün vacibdir. Həm silah ticarəti, həm də ərzaq məhsulları kimi mübadilə məsələləri mövcuddur. Həmçinin əvvəllər də Belarusla İran arasında bu cür əməkdaşlıq olmuşdu. Bu əməkdaşlıq hələ də davam edir, amma əsas məsələ silah ticarətidir. İran, bəlkə də, müharibəyə hazırlıqla bağlı ciddi addımlar atır. Halbuki bölgədəki sabitlik nə qədər yüksək olsa, bütün region ölkələrinin xeyrinə olar. Müharibə və gərginlik bizim üçün çox zərərlidir. Bölgədəki sabitlik vacibdir, çünki gərginlik azaldıqca, bütün ölkələr üçün faydalıdır. O cümlədən Azərbaycan üçün sabitlik və sülh həyati əhəmiyyət kəsb edir. Bu, bizə hava və su kimi lazımdır. İşlərin gedişatı bizi narahat edir. Həm İsrail, həm də İran müharibəyə hazırlaşır, bu da gərginliyi daha da artırır. ABŞ-nin vasitəçiliyi ilə müəyyən məsələlər həll olunsa da, bu, ehtimalların azaldığı bir vəziyyətə gətirir. Danışıqların nəticəsi, çox ehtimal ki, uğursuz olarsa, ən pis ssenari həyata keçəcək...